Xəbər lenti

Tikinti materiallarının ölçüsündə vətəndaşları aldadanları nə gözləyir?
Ekonomiks 22:03 20.08.2025

Tikinti materiallarının ölçüsündə vətəndaşları aldadanları nə gözləyir?

Sosial şəbəkədə bazarda satılan bəzi tikinti materiallarının ölçülərinin göstəriləndən kiçik olduğu iddia edilib. Bildirilir ki, bu hal taxta, şifer və digər tikinti materiallarında da müşahidə olunur. Şikayətçilərin sözlərinə görə, belə mallar çox satılır, alıcılar aldadılır. Üstəlik, tikinti materiallarının ölçüləri göstəriləndən az olduğu üçün tikiliyə real təhlükə yaradır.

Bəs görəsən, tikinti materiallarının ölçü və keyfiyyətinə nəzarət hansı mexanizmlərlə həyata keçirilir? Bu cür uyğunsuzluqlar aşkarlanarsa, istehsalçılar və satıcılar üçün hansı məsuliyyət tədbirləri nəzərdə tutulub? İstehlakçılar aldadılma faktı ilə qarşılaşdıqda nə etməlidirlər?

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.

Məlumatda vurğulanıb ki, "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, istehlakçılara təqdim olunan tikinti materiallarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur:

"Həmin qanuna əsasən, texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.

Məlumat üçün bildirək ki, standartlaşdırma üzrə dövlət fondunda tikinti materialları, məmulat və konstruksiyalarına dair 114 sayda dövlət standartı mövcuddur. Həmin standartlarda məhsullara dair texniki tələblər, sınaq üsulları, markalanma, etiketləmə və qablaşdırma, eləcə də nəqletmə, daşınma və saxlanmaya dair tələblər göstərilib.

Əlavə olaraq bildiririk ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçıların malların, işlərin və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək və istehlak etdikləri malların, işlərin və xidmətlərin lazımi keyfiyyətdə olması hüququ var.

Həmin qanuna əsasən, istehlakçı satıcıdan (istehsalçı, icraçı) alınmış mal, iş və ya xidmətin keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının və ya icraçının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir".

Bildirilib ki, satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir:

"Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.

Məlumat üçün bildirək ki, müvafiq sahədə nəzarət tədbirləri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.

Həmçinin bildiririk ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına, eləcə də standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub".

Sonda vurğulanıb ki, daxili bazarda keyfiyyətsiz tikinti materiallarının satılması ilə bağlı 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 43 vətəndaş müraciəti daxil olub:

"Həmin müraciətlərin 21-i üzrə vətəndaşlara müvafiq izahat verilib, dörd müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib, 11 müraciət təmin olunub, bir müraciət baxılmamış saxlanılıb, altı müraciət üzrə isə araşdırmalar davam etdirilir.

Müraciətlərin 18-i müqavilə şərtlərinin pozulması, səkkizi keyfiyyətsiz və ya sertifikatsız malların satılması, səkkizi qüsurlu malların satılması, dördü ödənilmiş vəsaitin geri qaytarılmaması, ikisi istehlakçının tələbi ilə lazımi keyfiyyətdə olan malın dəyişdirilməməsi və ya qaytarılmaması, biri istehlakçılara mal və xidmət haqqında məlumat verilməməsi, biri istehlakçıların aldadılması, biri isə digər istehlakçı hüquqlarının pozulması ilə bağlı olub.

İstehlak bazarında keyfiyyətsiz tikinti materiallarının satılması ilə bağlı konkret faktlarla (həmin məhsulların satışını həyat keçirən sahibkarlıq subyektinin adı və ünvanı, malın alışını təsdiq edən qəbz və s.) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət olunduğu halda həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılır. Agentliyə rəsmi internet səhifəsi və elektron poçt ([email protected]) vasitəsilə müraciət etmək mümkündür".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->