Ukraynalıların 55%-i müharibənin ən qısa zamanda, istənilən qiymətə başa çatmasını istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə İlko Kuçeriv adına Demokratik Təşəbbüslər Fondu tərəfindən keçirilən sorğunun nəticələri
göstərir.
Belə yanaşmaya qarşı çıxanların payı isə 30%-dir. Qeyd olunur ki, "hər hansı qiymətə sülh” istəyənlərin sayı 2023-cü ildən bəri artıb. O zaman bu mövqeni dəstəkləyənlər 30%, əleyhinə olanlar isə 53% idi.
Eyni zamanda, ukraynalıların mütləq çoxluğu – 73% – Rusiyaya qarşı müharibədə Ukraynanın qələbəsinə inanır. 17% isə belə inanca sahib deyil. Müharibənin ilk günlərində bu göstərici 91,5% idi. Ən az inam şərq bölgələrindədir – orada respondentlərin yalnız 55%-i qələbəyə inanır. Ukraynanın cənubunda isə bu göstərici 69%-dir.
Respondentlərə verilən "Ukraynanın qələbəsinin əsas əlaməti nə ola bilər?” sualına cavablar belə olub:
* Bütün ukraynalı əsirlərin, deportasiya olunanların və oğurlananların geri qaytarılması – 37%
* Ukrayna dövlətçiliyinin qorunub saxlanması – 31%
* Raket zərbələrinin dayandırılması – 30%
* Ukrayna ərazilərinin 1991-ci il sərhədləri daxilində azad olunması – 27%
* Putinin hakimiyyətdən uzaqlaşdırılması – 23%
Sorğu haqqında
Sorğu 12–18 avqust 2025-ci il tarixlərində "üzbəüz müsahibə” üsulu ilə keçirilib. 18 yaşdan yuxarı, Ukraynanın nəzarətində olan ərazilərdə yaşayan 2002 nəfər iştirak edib. Nəticələrin nəzəri səhv payı 2,3%-dən çox deyil.
Xatırladaq ki, bir gün əvvəl "Reuters” jurnalistləri Putinin müharibəni dayandırmaq üçün Ukraynadan tələblərini açıqlamışdı. O, Ukraynanın Donbasdan imtina etməsini, NATO-ya üzvlük ambisiyalarını rədd etməsini, neytrallığı qorumasını və ölkəyə Qərb qoşunlarını buraxmamasını istəyir. Əvəzində isə Zaporojye və Xerson vilayətlərində döyüşləri dayandırmağa hazır olduğunu bildirib.
Eyni zamanda "The Wall Street Journal” yazır ki, Trampın Ukraynada sülh əldə etmək cəhdləri cəmi dörd günə çıxılmaz vəziyyətə düşüb. Nəşrin qeyd etdiyinə görə, ABŞ prezidentinin son vaxtlar nümayiş etdirdiyi optimizm itib və o, yeni çıxış yolları axtarır.
Alpər
Şərhlər