44 günlük Vətən müharibəsinin 5 illiyi, 8 Noyabr – Zəfər Günü münasibətilə Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi və Umay Təlim Mərkəzi şəhid ailələrinin psixoloji rifahını və sosial dayanıqlığını gücləndirməyə yönəlmiş "Zəfər ruhu: Şəhid ailələri üçün həmrəylik və psixososial dəstək proqramı”na start verib.
"Unibank"ın dəstəyi ilə baş tutan layihə 8 oktyabr – 8 noyabr tarixlərini əhatə edir. Bu müddət ərzində şəhid ailələri ilə fərdi psixoloji seanslar, qrup terapiyaları və ev ziyarətləri həyata keçiriləcək. Proqramın sonunda isə bütün iştirakçılar bir araya gətirilərək Zəfər Gününə həsr olunmuş "Zəfər ruhu” adlı tədbir təşkil olunacaq.
Layihənin məqsədi şəhid ailələrinin emosional rifahını və psixoloji dayanıqlılığını artırmaq, onların cəmiyyətlə birlik və həmrəyliyini gücləndirməkdir.
Layihənin rəhbəri Sevinc Fədai bildirib ki, bu təşəbbüs şəhid ailələrinin duyğularını, ehtiyaclarını və həyat gücünü cəmiyyətə çatdırmaq üçün atılmış mənəvi addımdır:
"Biz istəyirik ki, Zəfər Günü yalnız qələbə simvolu deyil, həm də şəhid ailələrinin ruhunun və dayanıqlığının bayramı kimi yaşansın. Onların yanında olmaq, dinləmək və dəyərləndirmək bizim borcumuzdur. Elə layihənin sonunda hazırlanacaq Zəfər Günü tədbiri ilə də ictimai həmrəylik mesajı ötürəcəyik".
Şərhlər