Xəbər lenti

Afrika ölkəsində etirazçılar Ebola müalicə mərkəzini yandırdı
Dünya 11:00 22.05.2026

Afrika ölkəsində etirazçılar Ebola müalicə mərkəzini yandırdı

Demokratik Konqo Respublikasının şərqində yerləşən Rvampara şəhərində yerli sakinlər Ebola virusuna yoluxan xəstələrin müalicə olunduğu mərkəzi yandırıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, mobil xəstəxana Ebola səbəbilə ölən gəncin yaxınları tərəfindən yandırılıb. Ailəyə onun cəsədinin verilməsi qadağan edilib.

Səhiyyə işçiləri meyitlə təmasın yoluxma riski yaratdığını bildirərək cəsədin verilməsindən imtina etdikdən sonra ailə üzvləri müəssisəyə müxtəlif əşyalar atıb və nəticədə yanğın baş verib. Hadisə iki xəstəxana çadırını məhv edib.

Qeyd olunur ki, hadisənin baş verdiyi İturi əyaləti yeni Ebola ştamının yayılma mərkəzinə çevrilib. Səhiyyə qurumları ölənlərin cəsədlərinin yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edir. Lakin bu qaydalar yerli dəfn ənənələri ilə ziddiyyət təşkil etdiyi üçün bölgədə etirazlar artır.

Konqo səhiyyə orqanlarının son məlumatına görə, Ebola epidemiyası başlayandan bəri ölkədə ən azı 160 nəfər ölüb. İki əyalətdə 671 şübhəli yoluxma qeydə alınıb. BMT-nin məlumatına əsasən, qonşu Uqandada da bir ölüm halı və bir yoluxma faktı təsdiqlənib.

Ebola (Ebola hemorragik qızdırması) kəskin, çox yoluxucu və yüksək ölüm riski olan virus xəstəliyidir. Ağır intoksikasiya və daxili-xarici qanaxmalarla müşayiət olunur və ştamdan asılı olaraq 30–90% hallarda ölümlə nəticələnə bilər.

Aydın
--> -->