Xəbər lenti

Alimlər okeanda yeni ada kəşf etdi
Dünya 18:36 11.04.2026

Alimlər okeanda yeni ada kəşf etdi

Almaniyanın Alfred Vegener adına Qütb və Dəniz Tədqiqatları İnstitutu bildirir ki, Antarktida ekspedisiyası zamanı elm adamları okeanda əvvəllər məlum olmayan yeni bir ada aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, məlumata görə, beynəlxalq tədqiqat qrupu fevral ayının əvvəlində "Polarstern” buzqıran gəmisində Ueddell dənizinin şimal-qərb hissəsini araşdırırdı. Ekspedisiyanın məqsədi Larse buz şelfində son illərdə müşahidə olunan buz itkisini öyrənmək idi.

Səfər zamanı hava şəraiti pisləşib və gəmi kapitanı fırtınadan qorunmaq üçün Juanvil adası yaxınlığındakı körfəzə yönəlmək qərarı verib. Məhz bu marşrut zamanı alimlər gözlənilməz bir obyektlə qarşılaşıblar.

Alimlər əvvəlcə bunu qəribə, çirkli görünüşlü bir aysberq hesab ediblər. Lakin yaxınlaşdıqda onun əslində qayalıq bir ada olduğu müəyyən edilib.

Tədqiqatçı Simon Droytterin sözlərinə görə, dəniz xəritələrində həmin ərazi "naməlum naviqasiya təhlükəsi” kimi qeyd olunub, lakin bunun səbəbi aydın olmayıb.

Ada təxminən 130 metr uzunluğa, 50 metr enə malikdir və su səviyyəsindən 16 metr yüksəlir.

Alimlər bildirirlər ki, adanın əvvəlcə peyk görüntülərində dəqiq görünməməsi onun ətrafındakı buz və aysberqlərlə qarışması ilə bağlıdır.

Aydın
--> -->