Xəbər lenti

Azərbaycan-Rusiya hərbi əlaqələri: Tam kəsilmə yox, seçici əməkdaşlıq (ŞƏRH)
Siyasət 20:50 27.02.2026

Azərbaycan-Rusiya hərbi əlaqələri: Tam kəsilmə yox, seçici əməkdaşlıq (ŞƏRH)

"Azərbaycan Rusiya istehsalı olan hərbi sistemlərdən tam imtina etmək niyyətində deyil. Ancaq burada bir məqam var, Azərbaycan Rusiya ilə hərbi əməkdaşlıq çərçivəsində yalnız özünə zəruri olan, arsenalına əlavə etməyə ehtiyac duyduğu silahları seçəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Rusiya Müdafiə Nazirliyinin Silahlanma rəisi və Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini, general-polkovnik Yuri Qrexovun Bakıya səfəri fonunda iki ölkə arasında hərbi əlaqələri şərh edərkən deyib. 

Ekspert hesab edir ki, bu əlaqələr tam kəsilməyəcək və davam edəcək:

"Bunun əsas səbəbi Azərbaycanın qonşuları ilə münasibətləri tam şəkildə kəsmək niyyətində olmamasıdır. Lakin qeyd etdiyim kimi, Azərbaycan Rusiya ilə hərbi əməkdaşlıq zamanı yalnız özünə lazım olan, arsenalını gücləndirmək üçün zəruri hesab etdiyi silahları seçəcək. Azərbaycan Rusiyaya münasibətdə də balanslaşdırılmış siyasətini davam etdirəcək".
 
Müsahibimizin sözlərinə görə, Azərbaycan istər regionda, istər yaxın və uzaq dövlətlərlə münasibətlərdə, istərsə də beynəlxalq arenada balanslı siyasəti ilə seçilən ölkələrdəndir: 

"Azərbaycan yaxın və uzaq qonşularla isti münasibətləri qorumağa və inkişaf etdirməyə çalışır. Azərbaycan Silahlı Qüvvələri dünyanın 30-dan çox dövləti ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurub. Bu əlaqələr Silahlı Qüvvələrimizin inkişafında mühüm rol oynayır. Dövlət Silahlı Qüvvələrin quruculuğunu prioritet elan etməklə ordunun inkişafına böyük önəm verir və bu sahədə nəzərəçarpacaq nailiyyətlər əldə olunur".
 


Ekspert vurğulayır ki, bu yanaşma Rusiyaya da aiddir:

"Rusiya Azərbaycanın yaxın qonşusudur. Münasibətlərin tamamilə kəsilməsi arzuolunan deyil. Əlaqələrin daha mehriban və produktiv müstəvidə qurulması ölkəmizin maraqlarına uyğundur. Lakin münasibətlərdə baş verən hadisələr Bakının Moskva ilə əlaqələrində ciddi, kardinal dəyişikliklərə səbəb olub. Eyni zamanda, bu, Azərbaycanın Rusiya ilə münasibətlərə yenidən baxması üçün əsaslı zəmin yaradıb. Təyyarəmizin vurulması, soydaşlarımıza qarşı təzyiq kampaniyası və digər hadisələr Azərbaycan üçün qəbuledilməzdir".

Qeyd edək ki, bu günlərdə Rusiya Müdafiə Nazirliyinin Silahlanma rəisi və Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini, general-polkovnik Yuri Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Rusiya nümayəndə heyəti Azərbaycan müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadə ilə görüşüb. Nümayəndə heyətinin tərkibindən də göründüyü kimi, səfər siyasi deyil, daha çox texniki-peşəkar xarakter daşıyıb. Səfər çərçivəsində Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

Xatırladaq ki, diplomatik sahədə ən sərt siyasi gərginlik dövrlərində belə, hərbi və texniki əlaqələrin tam kəsilməsi nadir hallarda baş verir. Rusiya ilə Azərbaycan arasında bu tip səfərlər tərəflərin "qapıları bağlamırıq" mesajı kimi qiymətləndirilir. Bu baxımdan, səfər onu göstərir ki, tərəflər siyasi gərginliyə baxmayaraq hərbi-texniki dialoqu saxlayır və strateji risklərin qarşısını almaq üçün minimal əməkdaşlıq xəttini qorumağa çalışır.

Rüfət Sultan

--> -->