Xəbər lenti

Siyasət 19:14 20.08.2025

"Buna gedərsə, Rusiya özü-özünü məhvə aparacaq" - Politoloq

"Rusiya Ukraynadan sonra işğalçılıq niyyətilə üzünü Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı çevirərsə, qarşısında Türkiyə və Pakistanı görəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov Rusiyanın Ukrayna ilə hər hansı bir şərtlər daxilində sülh müqaviləsi bağlayarsa, ondan sonra eyni müstəvidə diqqətini Cənubi Qafqaza yönəldəcəyi ehtimalından danışarkən deyib.

Həmsöhbətimiz qeyd edib ki, Rusiya digər ölkələrə hücum etsə, ona qarşı ikinci cəbhə açılacaq:

"Ona görə də Kreml bu barədə dərin düşünüb, buna getməməlidir. Azərbaycanın güclü ordusu, həm də güclü strateji müttəfiqləri var. Rusiya bu yolu tutarsa, qarşısında həm də Türkiyə, İsrail və Pakistanı görəcək. Bu qüvvələrin mövcudluğu fonunda Moskva regiona hücum etməz. Buna gedərsə, Rusiya özü-özünü məhvə aparacaq".
 


Ekspertin fikrincə, nə qədər ki, Ukrayna müharibəsi gedir, Rusiyanın digər regionlara nəzərləri də azalmaqda davam edəcək: 

"Rusiya-Ukrayna müharibəsi isə yaxın zamanlarda bitməyəcək. Baxmayaraq ki, ABŞ prezidenti hər iki tərəflə danışıqlar aparır. Hətta avqust ayı ərzində Ukrayna və Rusiya liderlərinin görüşü də baş tutacaq. Ancaq müharibənin tam dayanması və sülhün bağlanması uzaqdadır. Putin məqsədlərinə tam çatmamış müharibəni dayandırmayacaq. Eyni zamanda, onun yaxın zamanlarda Ukrayna üzərində qələbə çalması da mümkün görünmür. Bu səbəbdən Rusiyanın yaxın zamanlarda növbəti hədəf olaraq üzünü Cənubi Qafqaza doğru çevirəcəyi inandırıcı deyil". 

Qeyd edək ki, son zamanlar Rusiyada Cənubi Qafqaz, xüsusən də Azərbaycana qarşı düşmənçilik əhval-ruhiyyəsi artır. Bir sıra Rusiya siyasiləri, televiziya aparıcıları Ukraynaya humanitar dəstək göstərdiyinə görə, Azərbaycanı hədəfə alaraq, onu cəzalandırmaqla hədələyir. 

Hazırda ABŞ prezidenti Donald Trampın səyi ilə Kiyevlə Moskva arasında müharibənin dayandırılması istiqamətində fəaliyyətdə intensivlik müşahidə edilir. Aydın görünür ki, az ehtimal edilsə də, bu istiqamətdə hər hansısa bir sülh müqaviləsinin bağlanması fonunda belə, Rusiya yürütdüyü aqressiv siyasətindən əl çəkməyəcək. Ukrayna savaşında əldə edilən nəticədən asılı olaraq, növbəti mərhələdə yəqin ki, Kreml öz nəzərlərini Cənubi Qafqaza və yaxud Mərkəzi Asiyaya çevirəcək.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->