Xəbər lenti

Minsk qrupunu ləğvinin qarşısını almaq mümkün olmayacaq (ŞƏRH)
Siyasət 19:51 21.08.2025

Minsk qrupunu ləğvinin qarşısını almaq mümkün olmayacaq (ŞƏRH)

"Moskva ATƏT-in Minsk qrupunun buraxılmasında maraqlı olmaya bilər, ancaq o da başlanan prosesin qarşısını almaqda acizdir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Bakı ilə İrəvanın artıq razılıq verdiyi ATƏT-in Minsk qrupunun ləğvi məsələsində digər dövlətlərin, xüsusən də Rusiyanın tutacağı mövqeyi şərh edərkən deyib.

"Rusiya mövcud vəziyyətdə Minsk qrupunun buraxılması ilə bağlı gedən proseslərdən ümumən narazıdır. Çünki ATƏT-in Minsk qrupu məhz Rusiyanın təklifi və canfəşanlığı ilə Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunması üçün yaradılıb. İndiki halda münaqişə həll olunsa da, qurumun fəaliyyətini dayandırmaması heç bir məntiqə uyğun deyil. Artıq məsələ ilə bağlı ATƏT-ə müraciət olunub. Mövcud vəziyyətdə Minsk qrupu həmsədrləri arasında yalnız Rusiyanın həmin qurumun fəaliyyətini dayandırmasına qarşı çıxacağı gözlənilir", deyə Əlimusa İbrahimov bildirib. 
 


Həmsöhbətimizin fikrincə, bütün hallarda Rusiyanın bu istiqamətdə atacağı addımlar belə Minsk qrupunu ləğv olmaqdan xilas etməyəcək:

"Ona görə ki, Rusiya hazırda ATƏT-də sözü eşidilməyən bir dövlətə çevrilib. Moskva burada ciddi söz sahibi deyil. Digər tərəfdən, Minsk qrupunun ləğvi üçün Bakı ilə İrəvan müraciət edib. Belə olan halda digər iştirakçılar buna etiraz etsələr də, başlanan prosesin qarşısını ala bilməyəcəklər. Belədə Rusiya qrupun qalmasını istəsə də, buna nail olmayacaq".

Qeyd edək ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə başlanan prosesdən sonra ATƏT-in Minsk qrupu da artıq öz əhəmiyyətini tamamilə itirib. Bakının ardınca, İrəvan da sözügedən qurumun buraxılmasının vacibliyini bəyan ediblər. Bu əsasda da Minsk qrupunun ləğvi proseduruna artıq start verilib. Belədə indi məsələnin həlli Minsk qrupunun yaradılmasında rol alan dövlətlərin, xüsusən də həmsədr ölkələrin sözügedən məsələdə tutacaqları mövqedən asılıdır. 

Bu gün Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bu məsələyə toxunub:

"Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->