Xəbər lenti

Texnologiya 11:42 26.02.2026

"Nvidia" rekord maliyyə nəticələri açıqladı: Al bazarında yeni mərhələ başlayır

ABŞ-ın texnologiya nəhəngi "Nvidia” rekord maliyyə nəticələri və gözləntiləri üstələyən gəlir proqnozu açıqlayıb. Şirkətin baş icraçı direktoru Censen Huanq bildirib ki, "agent əsaslı süni intellektin dönüş nöqtəsi artıq baş verib”.

Qaynarinfo "Axios”a istinadən xəbər verir ki, şirkətin açıqladığı hesabatda son rüb üzrə ümumi gəlirin 68,1 milyard dollar olduğu qeyd edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur. Xalis mənfəət isə 94% artaraq 42,96 milyard dollara çatıb. Ümumi mənfəət marjası 75% təşkil edib.

Analitiklərin proqnozları daha aşağı idi. S&P Capital IQ mütəxəssisləri həmin dövrdə "Nvidia”nın gəlirinin 66,2 milyard dollar, xalis mənfəətinin isə 35,8 milyard dollar olacağını gözləyirdilər.

Hesabatda məlumat mərkəzləri seqmentində də ciddi artım qeydə alınıb. Bu sahədən əldə olunan gəlir 75% artaraq 62,3 milyard dollara yüksəlib.

Şirkət növbəti rüb üçün də yüksək proqnoz açıqlayıb. "Nvidia” 78 milyard dollar gəlir gözlədiyini bildirib ki, bu da Wall Street analitiklərinin gözlədiyi 73 milyard dollardan xeyli çoxdur. Proqnoza Çin bazarına satışlar daxil edilməyib.

Şirkətin sürətli artımı əsasən böyük texnologiya şirkətlərinin süni intellekt və məlumat mərkəzlərinə etdiyi investisiyalarla bağlıdır. "Alphabet”, "Amazon”, "Meta” və "Microsoft” şirkətlərinin bu il bu sahəyə ümumilikdə təxminən 650 milyard dollar sərmayə qoyacağı gözlənilir.

Censen Huanq bildirib ki, süni intellekt texnologiyaları yeni sənaye inqilabının əsasını təşkil edir və hesablama gücü birbaşa iqtisadi artım və gəlir yaradır.
Maliyyə nəticələrinin açıqlanmasından sonra "Nvidia”nın səhmləri birja bağlandıqdan sonrakı ticarətdə təxminən 3% artıb.

Günay

--> -->