Turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik.Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı deyib.
Sədr bildirib ki, Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı”hazırlanıb. Hazırda proqram qurumlar arasında müzakirə mərhələsindədir:
"Sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması, ölkənin qastonomiy, sağlamlıq, qış və eko turizm istiqaməti kimi tanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, turizm sahəsinə aid təhsil proqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimi inkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub.
Hədəf turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının genişləndirilməsi də prioritetlərdən biridir.
Əlbəttə, turizm ölkədə digər əlaqəli sahələrin də inkişafına öz töhfəsini verdiyi üçün kompleks yanaşma tələb edir.
Bu baxımdan fəaliyyətin əlaqədar qurumlarla birgə təşkili əsasında icrası planlaşdırılır".
Qafqaz Rafiqoğlu
Şərhlər