Xəbər lenti

Prezident və birinci xanım Kəlbəcərlə Ağdərəyə səfər etdi (YENİLƏNİB)
Ekonomiks 18:38 21.08.2025

Prezident və birinci xanım Kəlbəcərlə Ağdərəyə səfər etdi (YENİLƏNİB)

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülmüş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.

Xatırladaq ki, 2021-ci ilin avqustunda bu yolun təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir.

Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub.

Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.

Belə çətin coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
 
***
 
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq. Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə, həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.
 
***

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub.

Şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq.

Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur.

Bir sözlə, burada həm şəhər sakinlərinin, həm də qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin olunacaq. Dağlarla əhatələnmiş, əsrarəngiz təbiəti ilə seçilən Kəlbəcər şəhərində inşa olunacaq bu yeni istirahət mərkəzi bölgənin gözəlliyinə yeni rəng qatacaq və turizm potensialını daha da gücləndirəcək.
 
***

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

Kəlbəcər Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, arıçılıq sahəsində qədim və dəyərli ənənələri yaşadan diyarlarımızdandır. Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli flora örtüyü, eləcə də yüksək dağ çaylarının ətrafında formalaşan əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir.

Arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri olub və bu peşə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılıb. Bu sahədə uzun illər fəaliyyət göstərmiş Sabir Mustafayevin ailə təsərrüfatı bunun bariz nümunələrindəndir. Vətən müharibəsindən sonra o, ailəsi ilə birgə doğma torpağına qayıdaraq təsərrüfatını yenidən qurub. Onların istehsal etdiyi bal Kəlbəcərin ən ucqar və səfalı yaylaqlarında bitən çiçəklərdən toplanır.

2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.

Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur. Gələcəkdə bu məhsulların "Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.

Artıq 40 ildən çoxdur arıçılıqla məşğul olan Mustafayevlər ailəsi bu sahəyə dərin bağlılıqla yanaşır. Onlar ənənəni qorumaqla yanaşı, müasir üsulların tətbiqi ilə təsərrüfatı inkişaf etdiriblər. Ailənin gənc üzvlərinin də bu işə maraq göstərməsi təsərrüfatın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda təsərrüfatda 400-ə yaxın arı ailəsi var və bu təsərrüfat ölkənin nüfuzlu ailə təsərrüfatlarından biri kimi tanınır.

Bu layihə təkcə arıçılığın inkişafı baxımından deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi dirçəlişin təmin olunması, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və regionun kənd təsərrüfatı potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Açılışdan sonra Prezident İlham Əliyev Sabir Mustafayevlə söhbət etdi.

Sabir Mustafayev: Xoş gəlmisiniz, bizə şərəf vermisiniz. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bilirsən, mən balınızı da təbliğ edirəm. Həm özüm hər gün yeyirəm, həm də xarici qonaqlara göndərirəm.

Sabir Mustafayev: Bəli, bilirəm. Çox təşəkkür edirəm. Siz bizə böyük stimul verdiniz. Oğlum başqa sahəni seçmişdi, diplomat olmaq istəyirdi, beynəlxalq münasibətlər üzrə. Sizin gəlişinizdən, Kəlbəcər balı haqqında xoş sözlərinizdən sonra artıq bu sahəni seçdi və qərara aldı ki, Kəlbəcər balını xarici bazara çıxaracaq.

Prezident İlham Əliyev: Bu, artıq brend olacaq.

Sabir Mustafayev: Ermənilər 2019-cu ildə burada - Siz durduğunuz yerdə festival keçiriblər.

Prezident İlham Əliyev: Amma onlar burada yaşamırdılar.

Sabir Mustafayev: Az sayda yaşayırdılar. Bir il sonra "Dəmir yumruq” öz sözünü dedi.

Prezident İlham Əliyev: Əlbəttə.

Sabir Mustafayev: Ermənilər burada bir şənlik təşkil etdilər. Sizin Şuşada Cıdır düzündə, armudu stəkanda, özü də paxlava ilə çay içməyiniz ürəyimdən tikan çıxardı. Şənlik təşkil etdikləri bu yerdə Kəlbəcər balı ilə çay içməyiniz çox yaxşı olar.

Prezident İlham Əliyev: Bəli, gəl burada da şəkil çəkdirək.

Sabir Mustafayev: Bəli, çəkdirək. Təşəkkür edirəm. Çox sağ olun, bizə şərəf verdiniz. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

Yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.

Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində "AzərEnerji” ASC-nin "Aşağı Vəng”, "Nadirxanlı” və "Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

***
 
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Vəngli kəndində Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->