Futbol ulduzu Kriştiano Ronaldo 40 yaşında olmasına baxmayaraq, hələ də futbolun ən yüksək səviyyəsində çıxış edir və qazandığı gəlirlərlə lüks avtomobil kolleksiyası yaradır. O, həmçinin futbol tarixində milyarder statusu qazanan ilk ulduz kimi tanınır.
Qaynarifno xəbər verir ki, bu barədə "Supercarblondie" portalı məlumat yayıb.
Portuqaliyalı hücumçu karyerası ərzində "Mançester Yunayted", "Real Madrid", "Yuventus" və hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klublarında oynayıb. "Əl-Nəsr"lə imzaladığı 230 milyon dollarlıq illik müqavilə ona 73 milyon dollara başa gələn şəxsi təyyarə də daxil olmaqla bir sıra yeni lüks imkanlar qazandırıb. O, bu təyyarədən məşqlərə və oyunlara Dubaydakı iqamətgahından, həmçinin Portuqaliyanın Madeyra adasındakı evindən uçmaq üçün istifadə edir.
2025-ci ildə müqaviləsinin müddəti başa çatdıqdan sonra Ronaldo "Əl-Nəsr"lə yeni razılaşma imzalayıb və 2027-ci ilə qədər komandada qalacaq. Yeni müqavilənin illik dəyəri təxminən 460 milyon dollar təşkil edir. Bununla o, Lebron Ceyms, Maykl Cordan, Rodcer Federer və Tayger Vuds kimi idman milyarderləri sırasına qoşulub.
Ronaldo xüsusilə "Bugatti" markasının sadiq pərəstişkarı kimi tanınır. Onun kolleksiyasında "Bugatti Veyron Grand Sport Vitesse", həmçinin son dərəcə nadir "Centodieci" modeli var - bu avtomobildən dünyada cəmi on ədəd istehsal edilib. Məlumata görə, Ronaldo ilk "Veyron"unu mühafizəçisinin qəzaya salmasından sonra eyni modelin yenisini alıb və ya əvvəlkini bərpa etdirib.
Bundan başqa, onun qarajında "Bugatti Chiron", "Ferrari Monza SP1", "Ferrari F12 TDF", "McLaren Senna", "Chevrolet Camaro", "Lamborghini Aventador" və "Ferrari Daytona SP3" kimi nadir hiperkarlar da yer alır.
Futbolçu həmçinin dəbdəbəli yolsuz avtomobilləri sevir. "Mansory" şirkəti ona "G-Wagen" hədiyyə edib, bu avtomobil bir neçə dəfə Dubay küçələrində görüntülənib. Ronaldo gündəlik istifadə üçün bu modeli seçir. Onun SUV kolleksiyasına "Rolls-Royce Cullinan", "Phantom Drophead", "Bentley Continental GT" və "BMW XM Red Label" də daxildir.
Aydın
Şərhlər