"Rusiyanın vasitəçiliyi olmadan Azərbaycan və Ermənistan prinsipial razılığa gələrək, sülh müqaviləsinin şərtlərini razılaşdırıb. İndi sadəcə bir məsələ qalır. Bu da Ermənistan konstitusiyasının dəyişdirilməsidir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı son açıqlamasını şərh edərkən deyib.
Həmsöhbətiiz qeyd edib ki, Bakı ilə İrəvan arasındakı proseslər Kremlin iştirakı olmadan getməkdə davam edir:
"Proses Kremlin iştirakı olmadan gedib və gedir. Avqustun 8-də Vaşinqtonda müvafiq bəyannamə imzalandı. Bu müqavilənin imzalanmasının təşəbbüskarı ABŞ oldu. Ona qədər də tərəfələr arasında faktiki sülh yaranmışdı. Sadəcə olaraq, müəyyən məsələlərdə razılaşmaq lazım idi ki, Vaşiqntonda da bu baş verdi".
Bu səbəbdən ekspert bildirib ki, Rusiyanın yenidən oyuna baş vurmaq istəməsi bir qədər gülünc səslənir:
"Rusiya keçmiş postsovet ölkələrinə hələ də özünün əyaləti kimi baxmağa çalışır. İstəyir ki, bu ərazilər onun nəzarəti altında olsun. Moskva son zamanlar özünə qonşu bildiyi həmin ərazilərin faktiki olaraq nəzarətindən çıxdığını gördüyündən bu cür əsası olmayan bəyanatlar verməklə, postsovet ölkələrini bir növ hədələməyə başlayıb".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son brifinqdə Cənubi Qafqazla bağlı bir sıra açıqlamalar verib. Zaxarova avqustun 8-də Vaşinqtonda imzalanan sazişi nəzərə almayaraq, Azərbaycanla Ermənistan arasında 2020-ci ilin noyabrın 10-da əldə edilən üçtərəfli razılaşmaların aktuallığını itirmədiyini, sülh prosesi üçün Moskvanın vasitçiliyinin zəruri olduğunu bildirib.
Rüfət Sultan
Şərhlər