Xəbər lenti

Suriyada daxili qarşıdurmadan sonra məhbus mübadiləsi: ABŞ vasitəçi oldu
Dünya 17:07 27.02.2026

Suriyada daxili qarşıdurmadan sonra məhbus mübadiləsi: ABŞ vasitəçi oldu

Suriyanın hökuməti ilə druz silahlı qrupları arasında ötən il baş vermiş qanlı toqquşmalar zamanı saxlanılan 86 nəfərin mübadiləsi həyata keçirilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.

Komitənin açıqlamasında bildirilib ki, saxlanılan şəxslərin azad olunması Dəməşq və cənubdakı Sveyda vilayəti arasında təşkil edilib. Azad edilən məhbuslar paytaxt yaxınlığındakı Adra həbsxanasından avtobuslarla Sveydaya aparılıb və proses tibbi briqadalar və təhlükəsizlik qüvvələrinin müşayiəti ilə həyata keçirilib.

Druz silahlı qrupları ilə bədəvi döyüşçülər arasında toqquşmalar ötən ilin iyulunda Sveyda vilayətində baş verib. Bu, uzun illər ölkəni idarə edən lider Bəşər əl-Əsəd hakimiyyətdən devrildikdən sonra Suriyada baş verən ən ağır daxili qarşıdurmalardan biri hesab olunur. Məlumatlara görə, toqquşmalar zamanı 2 mindən çox insan, o cümlədən yüzlərlə dinc druz sakini həlak olub.

Druz lideri Hikmət əl-Hicrinin rəhbərlik etdiyi silahlı qrupun nümayəndəsi Tarik əl-Mağuş bildirib ki, məhbus mübadiləsi ilə bağlı danışıqlar çətin keçib və vasitəçi ölkələrin dəstəyi ilə aparılıb. Onun sözlərinə görə, danışıqlar dolayı yolla və ABŞ vasitəçiliyi ilə həyata keçirilib, lakin itkin düşən şəxslərlə bağlı məsələ hələ də həll olunmayıb.

Qrupun sözçüsü Talal Amer isə bildirib ki, prosesdə ABŞ vasitəçi rolunu oynayıb, İsrail isə nəzarəti təmin edib. Toqquşmalar zamanı İsrail druz icmasını qorumaq məqsədilə Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirdiyini açıqlamışdı.
 
Günay
--> -->