Xəbər lenti

Bataqlıqlardan yaşayış sahələrinə: Göllər yaşayış sahəsinə necə çevrilir?
Ölkə 12:22 11.04.2026

Bataqlıqlardan yaşayış sahələrinə: Göllər yaşayış sahəsinə necə çevrilir?

Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. 

Məlumata görə, Maştağa qəsəbəsinin "Sovxoz Ramana” adlanan ərazisində yerləşən su hövzəsinin bir hissəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektarlıq hissəsi doldurulub və bununla da akvatoriya süni şəkildə kiçildilib. Məsələ ilə bağlı araşdırma aparılıb və fakt hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara təqdim olunub. Lakin məsələ təkcə bir gölün doldurulması ilə məhdudlaşmır. Şəhərin müxtəlif yerlərində analoji halların baş verdiyi barədə məlumatlar var. Bir sıra ərazilərdə göllərin və bataqlıqların doldurulması nəticəsində torpaq sahələri formalaşdırılır və sonradan həmin sahələr fərdi yaşayış evlərinin tikintisi üçün satılır. Qısa müddətdə əldə edilən bu qazanc uzunmüddətli ekoloji və sosial problemlərin yaranmasına səbəb olur.

Eyni ərazidə iki icraedici qurum problemi

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov bildirir ki, ölkədə su hövzələri ilə bağlı torpaq istifadəsi məsələlərində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, bəzi ərazilər təbii xüsusiyyətlərinə görə qorunma zonasına daxildir və bu yerlərdə torpaqdan istifadə xüsusi qaydalarla tənzimlənməlidir. Lakin praktiki vəziyyət göstərir ki, müəyyən ərazilərdə vaxtaşırı qrunt sularının toplanması nəticəsində kiçik bataqlıqlar formalaşır, sonradan isə həmin sahələr qurudularaq torpaq kimi satışa çıxarılır.

Ekspert qeyd edir ki, bu cür hallara xüsusilə bələdiyyə torpaqlarında tez-tez rast gəlinir. Bununla belə, məsuliyyətin konkret olaraq hansı qurumun üzərinə düşməsi məsələsi çox zaman açıq qalır. Ekspertin fikrincə, torpaq sahəsinin ilkin satışını həyata keçirən qurum bu prosesdə əsas məsuliyyət daşımalıdır: "Azərbaycan Respublikasının hüquqi-normativ sənədlərində qərarların yerli icra hakimiyyəti orqanları tərəfindən verilməsi nəzərdə tutulur. Lakin reallıqda ərazilərdə iki icraedici struktur – həm icra hakimiyyətləri, həm də bələdiyyələr fəaliyyət göstərir. Formal olaraq əsas icraedici qurum kimi yerli icra hakimiyyətləri qəbul edilir. Cəmiyyət isə bələdiyyələri əsasən torpaq satan qurum kimi tanıyır”. 

E.Azadovun fikrincə, mövcud problemlərin əsas səbəblərindən biri eyni ərazidə iki icraedici strukturun fəaliyyət göstərməsidir. Bu, səlahiyyətlərin bölüşdürülməsində qeyri-müəyyənlik yaradır.

Bələdiyyə sərhədlərinin müəyyənləşdirilməsi gecikir

Ekspert xatırladır ki, hələ 2020-ci ildə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verilib. Lakin aradan 5-6 il keçməsinə baxmayaraq, bu istiqamətdə işlərin cəmi 30–40 faizi tamamlanıb və proses hələ 50 faiz həddinə belə çatmayıb. Müsahibimizin fikrincə, sərhədlər tam müəyyən edildikdən sonra həmin torpaqlara rəsmi çıxarış verilməli, onların satışı və icarəsi ilə bağlı aydın və şəffaf strategiyalar hazırlanmalıdır. Əks halda, qanunvericilikdəki boşluqlar və səlahiyyət bölgüsündəki qeyri-müəyyənliklər torpaq idarəçiliyində problemlərin davam etməsinə səbəb olacaq.

Dövlət qeydiyyatı olmayan əmlak satıla bilməz

Məsələnin hüquqi tərəfini şərh edən hüquqşünas Ruslan Vəliyev deyir ki, bu kimi hallar hüquqi baxımdan dələduzluq kimi qiymətləndirilir. Qanunvericiliyə əsasən, belə əmlakların satışı mümkün deyil. Çünki hər hansı daşınmaz əmlakın alqı-satqısı üçün həmin əmlakın əvvəlcə dövlət qeydiyyatına alınması və rəsmi çıxarışının olması tələb olunur.

Hüquqşünas izah edir ki, əgər torpaq sahəsi su mühafizə zonasına düşürsə və ya tikinti üçün yararlı hesab edilmirsə, həmin ərazi üzrə dövlət qeydiyyatından imtina edilir. Bu halda torpaq sahəsi yaşayış və ya tikinti məqsədilə satıla bilməz. 

Hüquqşünas həmçinin bildirir ki, gölləri və ya su hövzələrini dolduraraq torpaq kimi satan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Hər hansı su hövzəsini torpaqla doldurmaq həmin ərazi üzərində mülkiyyət hüququ yaratmır. 

Vizual qərarlar çökmə riskini artırır

Memar Cahid Həsənov isə hesab edir ki, göllərin və bataqlıq ərazilərin doldurularaq istifadə edilməsi məsələsinə birtərəfli yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, dünya təcrübəsində uzun illər mövcud olmuş gölməçələrin və su hövzələrinin qurudulması, həmin ərazilərdə torpaqlaşma və möhkəmləndirmə işlərinin aparılması müasir texnologiyalar vasitəsilə mümkündür.

Mütəxəssis qeyd edir ki, bu gün dünyada dənizin ortasında belə iri tikililərin inşa olunduğu layihələr mövcuddur. Lakin əsas məsələ həmin ərazinin texniki və geoloji baxımdan düzgün qiymətləndirilməsidir. Hər hansı su hövzəsinin doldurulmasından sonra həmin əraziyə yenidən suyun dolub-dolmaması, yeraltı suların vəziyyəti, torpağın dayanıqlığı və digər geoloji xüsusiyyətlər xüsusi analizlər və laboratoriya tədqiqatları əsasında araşdırılmalıdır.

C.Həsənov vurğulayır ki, əgər bu proseslər yalnız vizual müşahidələrə əsaslanaraq həyata keçirilirsə, həmin ərazilərdə keyfiyyətli və təhlükəsiz tikintidən danışmaq mümkün deyil. Belə hallarda iqlim şəraiti, yeraltı suların hərəkəti və torpaq qatlarının xüsusiyyətləri nəzərə alınmadıqda, müəyyən müddətdən sonra ərazidə çökmə riski yaranır. Bu isə təkcə tikinti aparılan binalar üçün deyil, ümumilikdə həmin sahənin dayanıqlığı üçün ciddi təhlükə yarada bilər.

Mənbə: "Kaspi" qəzeti
--> -->