Xəbər lenti

Çində aşkarlanan yataqlar Pekinə dünyaya hökmranlıq imkanı verə bilər
Dünya 14:24 21.05.2026

Çində aşkarlanan yataqlar Pekinə dünyaya hökmranlıq imkanı verə bilər

Çində ölkənin şimal-şərqində nadir torpaq elementlərinin yeni yataqları aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu tapıntı hasilatı daha ucuz, daha sadə və ətraf mühit üçün daha az zərərli edə bilər.

Qaynarinfo "Interesting Engineering"ə istinadən xəbər verir ki, kəşf Heylunçian və Jilin əyalətlərində edilib. Tədqiqat Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (CAS) və Heylunçian Əyalətinin Geologiya və Mineral Resurslar İdarəsi tərəfindən aparılıb.

Komanda hesab edir ki, bu resurslar elektrik avtomobilləri (EV), superkeçiricilər və müdafiə texnologiyalarında istifadə olunan kritik minerallar üzrə Çinin qlobal üstünlüyünü daha da gücləndirə bilər.

Şimal yataqları uzun müddət ərzində təkrar donma və ərimə prosesləri nəticəsində formalaşıb. Cənub bölgələrindəki (Jiangxi, Hunan, Fujian, Quanqdonq və Quanqxi) gil əsaslı yataqlardan fərqli olaraq, bu yeni yataqlarda mineralların çıxarılması üçün bahalı və ekoloji cəhətdən zərərli kimyəvi yuyulma prosesinə ehtiyac yoxdur. Bu prosesdə nadir torpaq elementlərinin təxminən 25%-i itirilə bilər.

Hazırda dünya üzrə nadir torpaq elementlərinin emal gücünün təxminən 90%-i Çinə məxsusdur. Çin həm də qlobal hasilatın 60%-dən çoxunu təmin edir. Bu elementlər yüksək performanslı lazerlər, külək turbinləri, elektromobillərin mühərrikləri, smartfonlar və digər qabaqcıl texnologiyalar üçün vacibdir.

Təbiətdə bu elementlər saf halda deyil, silikat, oksid, karbonat və fosfat minerallarının tərkibində olur. Lakin yeni formalaşmalarda onlar monazit və ksenotim kimi ayrı hissəciklərdə yerləşir ki, bu da hasilatı asanlaşdıra bilər.

Ağır nadir torpaq elementləri xüsusilə qiymətlidir, çünki onlar müdafiə sistemləri və elektrik nəqliyyatında strateji rol oynayır. Ənənəvi olaraq Çində bu ehtiyatlar cənub bölgələrində cəmləşsə də, yeni məlumatlar onların gözləniləndən daha geniş yayıldığını göstərir.

Aydın
--> -->