ABŞ-ın Stenford Universitetində hazırlanmış yeni nəsil beyin-kompüter interfeysi yalnız danışma cəhdlərini deyil, insanın beynində düşündüyü sözləri də deşifrə edə bilir. Alimlər bu texnologiyanın iflicli şəxslərin sadəcə düşünərək ünsiyyət qurmasına imkan yarada biləcəyini bildirirlər.
Qaynarinfo xəbər verir ki, aparılan tədqiqatlara görə, qurğu daxili səsi 74 faiz dəqiqliklə tanıya bilir və parolla idarə olunan təhlükəsizlik sistemi ilə işləyir. Araşdırma qrupunun üzvü Erin Kunz "Danışmağı düşündüyünüz anda beynin necə göründüyünü ilk dəfə anlamağa nail olduq" deyə bildirib.
Sınaqlarda ALS və beyin sapı iflici səbəbilə danışa bilməyən 4 iştirakçının motor korteksinə mikroelektrodlar yerləşdirilib. Onlardan bəziləri sözləri deməyə cəhd edib, digərləri isə yalnız beynində düşünməklə kifayətlənib. Elm adamları həmin an beyin siqnallarını süni intellekt vasitəsilə oxumağı bacarıblar.
Texnologiyanın nəzarətsiz daxili səs oxunuşlarının qarşısını almaq üçün araşdırmaçılar parol əsaslı sistem də hazırlayıblar. Sistem yalnız istifadəçi əvvəlcədən müəyyən edilmiş ifadəni düşündükdə işləməyə başlayır. Sınaqlarda "Chitty chitty bang bang" parolu 98 faizdən çox dəqiqliklə tanınıb.
Mövzu ilə bağlı araşdırmaçı Frank Villett bu texnologiyanın gələcəkdə iflicli şəxslərə "danışmağa yaxın təbii bir ünsiyyət imkanı” təqdim edə biləcəyini vurğulayıb.
Beyin-kompüter interfeysi nədir?
Beyin-kompüter interfeysi insan beynindən gələn siqnalları kompüter sistemlərinə ötürən texnologiya kimi izah olunur. Elektrodlar vasitəsilə beyin dalğalarını dərk edən sistem həmin siqnalları xüsusi proqram təminatı ilə əmrlərə çevirir. Bunun sayəsində insanlar əzələ hərəkəti olmadan, sadəcə düşüncə gücü ilə kompüter və ya cihazları idarə edə bilirlər.
Mütəxəssislərə görə, bu texnologiya iflicli xəstələrin ünsiyyət qurmasına və müəyyən hərəkət qabiliyyətlərini qismən bərpa etməsinə kömək edir. Son illərdə isə sözügedən sistem tibbdən əlavə müdafiə sənayesi və süni intellekt tədqiqatlarında da tətbiq edilməyə başlanıb.
Araşdırmaçılar hesab edirlər ki, gələcəkdə beyin-kompüter interfeysi gündəlik həyatın müxtəlif sahələrində də geniş istifadə oluna bilər.
Aydın
Şərhlər