Atlantik okeanının dalğaları arasında 5 dekabr 1872-ci ildə tamamilə səssiz vəziyyətdə irəliləyən bir ticarət gəmisi - "Mary Celeste" - dəniz tarixinin ən böyük sirlərindən birinə çevrilmişdi.
Qaynarinfo xəbər verir ki, "Dei Gratia" adlı başqa bir ingilis gəmisinin heyəti Azor adaları yaxınlığında sakitcə hərəkət edən bu gəmini gördükdə, dərhal nəyinsə qaydasında olmadığını anlayır. Ora keçdikdə isə qarşılarında tamamilə boş bir gəmi tapırlar: kapitan Benjamin Briqqs, həyat yoldaşı, kiçik qızı və 7 nəfərlik heyətdən heç kim yoxdur.
Göyərtədə nə döyüş, nə də zorakılıq izi var idi. Yüklər yerində idi, şəxsi əşyalar toxunulmamışdı. Bu isə hadisəni daha da müəmmalı edirdi.
İllərlə bu hadisə müxtəlif versiyalarla izah edilməyə çalışılıb: Üsyan, pirat hücumu, xəstəlik və hətta fövqəltəbii səbəblər. Lakin son araşdırmalar daha elmi bir ehtimalı önə çıxarıb.
Sızıntı və təhlükəli buxar ehtimalı
Gəminin Nyu-Yorkdan Avropaya 1 700-dən çox etanol çəlləyi ilə yola çıxdığı məlumdur. Araşdırmalara görə, çəlləklərdən bir hissəsi sızmış ola bilər. İstiləşən hava şəraitində qapalı anbarda toplanan etanol buxarı son dərəcə partlayıcı qarışıq yarada bilərdi.
Əvvəlki illərdə gəmidə yanıq, his və ya partlayış izi olmadığı üçün bu ehtimal zəif sayılırdı. Lakin Mançester Universitetinin son təcrübələri fərqli nəticə göstərib.
Alimlər real şəraitə yaxın laboratoriya modelində göstəriblər ki, etanol buxarı müəyyən temperatur və oksigen şəraitində ani "mavi alov" yarada bilir. Bu alov o qədər qısa sürür ki, taxta səthlərdə yanıq izi belə buraxmaya bilər.
Tədqiqatçılara görə, bu ani partlayış və işıq effekti heyət arasında panika yaradaraq onların gəmini tərk etməsinə səbəb ola bilər. Filikaya keçdikdən sonra isə dənizdə itmiş olmaları ehtimal olunur.
Alimlər yekun nəticəyə tələsməsə də, "Mary Celeste" sirrinin fövqəltəbii deyil, kimyəvi reaksiya ilə bağlı olması ehtimalı indi daha güclü sayılır.
Aydın
Şərhlər