Çinin dövlət televiziyası CCTV Pekin rəhbərliyinin müdafiə sənayesində ən qeyri-adi baxışlarından biri hesab olunan nəhəng hava platformasının görüntülərini yayımlayıb.
Qaynarinfo xəbər verir ki, "Luanniao” adlandırılan bu konsept aparat Yer atmosferinin sərhədində sabit qalaraq orbitə silah atəşi aça bilən və tərkibində futuristik jet donanmaları daşıyan nəhəng ana gəmi kimi təsvir olunur.
Dövlət kanalının "Star Wars” (Ulduz müharibələri) filmlərindən çıxmış kimi görünən bu dizaynı fəal şəkildə tanıtması və onun qarşıdakı 20–30 il ərzində əməliyyat qabiliyyəti qazana biləcəyini iddia etməsi texnologiya dünyasında geniş rezonans doğurub.
Ənənəvi gəmilərdən daha möhtəşəm
Çin folklorundakı mifoloji varlığın adını daşıyan "Luanniao” texniki xüsusiyyətləri ilə də diqqət çəkir. Verilən məlumatlara görə, gəminin uzunluğu 242 metr, eni isə 684 metr təşkil edir. Maksimum qalxma çəkisinin 120 min tona çatacağı proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyanı olan "USS Gerald R. Ford” təxminən 100 min ton ağırlığındadır. Lakin "Luanniao” nəhəng qanad açıqlığı sayəsində sahə baxımından mövcud bütün dəniz platformalarını geridə qoyur. Bu iri gövdənin "Xuannu” adlandırılan 88 ədəd pilotsuz döyüş jetini daşıması planlaşdırılır.
"Nantianmen” layihəsi və reallıq payı
Bu hava qalası əslində "Cənub Cənnət Qapısı” mənasını verən "Nantianmen” layihəsinin flaqmanı hesab olunur. İlk dəfə 2017-ci ildə Çin Aviasiya Sənayesi Korporasiyası ("AVIC”) tərəfindən təklif edilən layihə yalnız kağız üzərində qalmayıb. Dizaynın bir hissəsi olan altıncı nəsil döyüş təyyarəsi "Baidi”nin real ölçülü maketi 2024-cü ildə keçirilən "Zhuhai Airshow” sərgisində nümayiş etdirilib.
Bundan əlavə, şaquli qalxma qabiliyyətinə malik və süni intellektlə təchiz edilmiş "Zihuo” kimi modellər də son illərdə müdafiə sərgilərində tez-tez təqdim olunur. Bu amil analitiklərin layihənin ən azı bəzi komponentlərinin artıq inkişaf mərhələsinə keçdiyinə inanmasına səbəb olub.
Mütəxəssislər ehtiyatlıdır: gerçək, yoxsa təbliğat?
Müdafiə sahəsində çalışan ekspertlər iddialara şübhə ilə yanaşsalar da, onları tamamilə də rədd etmirlər. Bəzi mütəxəssislər 120 min tonluq kütləni atmosferin sərhədində sabit saxlayacaq texnologiyanın hələ mövcud olmadığını bildirirlər. Alman kosmos analitiki Haynrix Kreft kimi ekspertlər isə layihəni "psixoloji müharibə” aləti kimi qiymətləndirir.
Aydın
Şərhlər