"Bu siyahını həm uzatmaq, həm də qısaltmaq olar".
Bunu Qaynarinfo-ya açıqlamasında televiziya eksperti Anar Vəziroğlu Azərbaycanda efir qadağası qoyulan bayağı müğənnilərin siyahısından danışarkən deyib.
Ekspert bəzi müğənnilərin həmin siyahıdan kənar qaldığına görə təəssüfləndiyini bildirib:
"Belə qərarlar əbədi deyil, bir müddətdən sonra unudulur. Əbədi heç nə qadağan olunmur. Onlara efir qadağasının nə üçün qoyulmasının səbəbləri açıqlanmayıb. Bu səbəblər açıqlanmalıdır. Onlara televiziyalarda qadağa qoyulub, sosial şəbəkələr, tədbirlər üzlərinə açıqdır. Oxuyan müğənnidirsə, təlabat həmişə olacaq".
Ekspert bildirib ki, bəzi televiziyalar əməkdaşlarına aylıq maaşı reklam hesabına verir:
"Ona görə də qəbul olunan və olunmayan formalardan istifadə edərək reytinq yığmağa çalışırlar. Reytinq pul, reklam, işçinin maaşı deməkdir. Format dəyişdirilməlidir. Format nədir? Maarifləndirici istiqamət verilməlidir. Bu gün qadağa qoyulanların yerinə sabah başqaları gələcək. Necə olacaq? Pul verib çıxacaqlar efirə. 100 manat verib efirə çıxırdılarsa, indi 2000 min manat verib çıxacaqlar. Bu da başqa bir yoldur. Müğənni populyar olmaq üçün efirə çıxmağa məcburdur. Kasıb adamlar ən populyar müğənniləri toylarına dəvət edir, nədir ki, reklamı var. Ən kasıb adam düşünür ki, toyuna reklamı olan müğənnini gətirsin".
Deyilənə görə, televiziya verilişlərinə çıxan ekspertlərin də bəzilərinə qadağa qoyulacaq. Anar Vəziroğlu hesab edir ki, verilişə dəvət alan ekspert özünə hörmət etməlidir:
"Mən çox verilişlərdən inciyib, sakitcə mikrofonu qoyub çıxmışam. Mənə söz vermirlərsə, sözümü kəsirlərsə orada mənim nə işim var? İki saatlıq verilişi özü danışırsa, o zaman mənim orada nə işim? Özünə hörmət edən adam sözünü deməlidir. Mən də ərdə oturmayan arvadlar kimiyəm, o verilişdən bu verilişə, bundan ona gedirəm. Məsələn, vəkil pul verib çıxır verilişə, onu hamı görür. Amma apardığı 100 işdən 99-nu uduzur. İzləyici də onun reklamına aldanır və bədbəxt olurlar. Deməli, günah bizdədir. Toy edən şəxs bir müğənniyə niyə 50 min manat verməlidir? Axı onun nə sənəti var? O zaman deməyin ki, biz kasıbıq. Müğənniyə də 12 min manat verərlər? Bu hansı ölkədə var? Onları biz varlandırmışıq".
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən televiziyalar bir sıra bayağı müğənnilərin efirə çıxışına qadağa qoyulub.
Bahar Rüstəmli
Şərhlər